|
İkinci bölüm
Füruud-din
Ikinci bölümün izahina
başlamazdan öncə qeyd etmək lazımdır ki, İslamın etiqadi
prinsipləri insanın təfəkkür və düşüncələri ilə bağlıdır.
Buna görə də ona inam ictihad şəklində olmalıdır. Lakin
füruud-din isə çox geniş, hətta insan həyatının bütün
xırdalıqlarını əhatə edəcək qədər əhatəlidir. Yəni bu məsələ
fərdi-ictimai, yaxşı-pis, bir sözlə insanın doğum günündən
başlayaraq ölüm gününə qədər olan böyük bir zaman kəsiyini
əhatə edir. Bir çox hallarda hər insan bütün bu məsələlərdə
ictihad iqtidarında olmur. Ona görə də ələm müctehiddən
təqlid etməlidir. İslamda füruud-din coxşaxəli olmasına
baxmayaraq, biz onun mühüm və hər an bizə lazım ola biləcək
həyati hissələrinə nəzər salacağıq. Sonda yeri gəldikcə
bəzilərinin qısa şərhini verəcəyik. Füruud-din
aşağıdakılardır:
Namaz, oruc, xüms, zəkat, həcc, cihad, əl-əmru bil-məruf,
ən-nəhyu ənil-munkər, təvəlla (Allahın dostları ilə dost
olmaq), təbərra (Allahın düşmənləri ilə düşmən olmaq).
Qeyd etmək lazımdır ki, füruud-dinin yuxarıda qeyd olunan on
bölümü və alqı-satqı, nikah, talaq, qisas, qanbahası və s.
bir çox başqa məsələlər, “Tovzihil-məsail” kitablarında
ətraflı bəhs edilmişdir. Amma cəmiyyət və İslam hakimiyyəti
(üsuli-idarəsi), siyasət, iqtisadiyyat, ordu, hərbi
qanunlar, qəzavət (hüquq, ədalət mühakiməsi), dövlət
idarəçiliyi, azadlıq, mədəniyyət, tibb və s. bəzi məsələlər
“Tovzihil-məsail” kitablarında bəhs edilmədiyi üçün burada
ixtisarla izah edirik.
Cəmiyyət və İslam üsuli-idarəsi.
Şübhəsiz ki, İslam dini ictimai həyatın ideallığı və
cəmiyyətin səadəti üçün elmi, əxlaqi-mənəvi dəyərlərə
əsaslanan xüsusi proqramlar nəzərdə tutmuşdur. Yarım əsr
öncəyə qədər İslamın təklif etdiyi üsuli-idarə bir çox İslam
ölkələrinin ictimai həyatında böyük rol oynayır və İslam
sivilizasiyası lazımi şəkildə öz əksini tapırdı. İslam
cəmiyyətin problemlərinin həllini öz üzərinə götürür və bu
çətinlikləri aradan qaldırmağa zamin durur. Əgər bu və ya
digər dövlət dəqiq şəkildə İslamın təklif etdiyi üsuli-idarə
ilə idarə olunarsa, bu zaman dünya cənnətə dönər. Buradan
belə bir sual meydana çıxır. Bu din nədir? Dünya ölkələrinin
xoşbəxtliyini hansı şəkildə təmin edir?
Bəşərin atom texnologiyasına yiyələndiyi, elmin yer
kürəsindən xaric olduğu, raket və kosmik gəmilərin fəzaya
göndərildiyi bir zamanda İslam cəmiyyəti idarə etmək
qüdrətinə malikdirmi? İqtidarda olduğu təqdirdə dünyaya nə
kimi faydalar verə biləcəkdir? Bütün bu suallara sonrakı
səhifələrdə cavab veriləcəkdir.
Siyasət
İslam, azadlıq, müştərək mənafelərin qorunması, ictimai
ədalət, əmniyyət və həyatın başlıca məqsədlərini nəzərə
almaqla yanaşı, ölkələr arasında dostluq, qardaşlıq, bütün
millətlərin bərabər hüquqlara malik olma prinsiplərinə
əsaslanan siyasi platforma təklif edir. Allah-taala Quranda
buyurmuşdur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə
əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə
bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən,
Allahın əzabı şiddətlidir!”(Maidə, 2). Digər bir ayədə isə
tayfa və irgçiliyə əsaslanan nasionalist təlimləri rədd
edərək üstünlüyün yalnız təqva əhlinə məxsus olmasını önə
çəkir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm
və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız
(kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə
ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox
qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir).
Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən)
xəbərdardır” (Hücurat, 13).
Məsum İslam öndərləri öz dövlət sturukturlarını yüksək
siyasi metodlara müvafiq şəkildə quraraq cəmiyyətdə
ayrı-seçkiliyi, yoxsulluq, savadsızliq kimi problemləri
aradan qaldırmış, ictimai asayiş, rifah və ilahi təqvanı
onlara ərməğan gətirmişlər.
İslam ictimai hüquqların qorunası naminə hər bir fərdin
digərləri qarşısında məsuliyyət daşıdığını bildirmiş və:
“Siz öz rəiyyətiniz qarşısında məsuliyyət daşıyırsınız” və
ya “Müsəlman ölkəsində digərlərinin işlərinə əhəmiyyət
verməyən və onların qarşısında məsuliyyət daşıdığına sübhə
ilə yanaşan kimsə müsəlman deyildir” – deyə buyurmuşdur.
Deməli, İslam cəmiyyətə qarşı biganəliyin əleyhinə çıxaraq
“mənə nə”, “mən nə etməliyəm” fikirlərini qətiyyətlə rədd
etmişdir.
İslam, diktatorluğa qarşı
İslam dini, zülmün qarşısını almaq məqsədilə irsi
hakimiyyəti, monarxiyanı, mütləqiyyəti və təkpartiyalı
dövlət tipini rədd edərək İslam dövlətinin müqəddəratını
(qeyri-məsumlara nisbətdə) çoxluğun rəyinə həvalə edir.
Məsum imamlardan (ə) sonra dini baxımdan yeganə legitim
rəhbərlik olan fəqihlər şurasının seçilməsində hər bir
vətəndaş səs vermək hüququna malikdir və seçilmiş hər bir
fəqih lazımi şərtlər mövcud olduğu zamana qədər həmin şurada
təmsil olunur. Əks təqdirdə lazımi şərtlərə malik digər bir
fəqihin seçilməsi ilə əvəz olunur. Bundan başqa, hər bir
vətəndaş parlament seçkilərində iştirak etməkdə azaddır.
Parlament İslam qanunları çərçivəsində fəaliyyət
göstərməlidir. Bu qanunları, ədalətli və bilici fəqihlər
İslamın ilkin qaynaqlarına (Quran, məsumlarım sünnəsi, ağıl
və icma) müvafiq şəkildə işləyib hazırlamalıdırlar.
Parlament bu qanunları real nümunələrinə tətbiq edir və
qanunun əlavə çıxarışlarını icraedici orqanlara, İslam
dövlətinin məsul şəxslərinə çatdırır. Onlar da öz
növbələrində cəmiyyətdə ədalətin, əmniyyətin, rifahın
qorunması namınə o qaninların icrası ilə məşğul olurlar.
Başqa sözlə desək, parlament (dini məsələlərdə) heç bir
şəkildə qanunverici hüquqa malik deyil. Cünki Məhəmmədin (s)
halal etdikləri qiyamətə qədər halal, haram etdikləri isə
qiyamətə qədər haramdır. İslam dövlətində parlamentin
vəzifəsi yalnız qanunların icra edilməsinin ən yaxşı üsulunu
arayıb tapmaqdır. Məsələn, İslam ticarətin sərbəst olduğunu
buyurduğu bir halda parlament xalqı bu haqdan məhrum edə
bilməz. Bəli şəriətin müəyyənləşdirmədiyi məsələlərdə -
məsələn, nəqliyyat vasitələrinin yolun sağı və ya solu ilə
getməsində - parlament, nəqliyyat vasitələrinin ən yaxşı
hərəkət yolunu seçmək hüququna malikdir. Bu növ qanunlar
parlamentdə hazırlanaraq qəbul edildikdən sonra İslam
dövləti onların həyata keçirilməsi üçün dini baxımdan düzgün
hesab edilən bütün mümkün yollardan istifadə etməli və
əhalinin mədəni səviyyəsinin, rifahının yüksəlməsi üçün
əlindən gələni etməlidir.
İslam və ictimai soğorta
İslamın ictimai soğortası insanların qəlbində kök salan
arzulardandır. Belə ki, İslam bütün insani, əxlaqi cəhətləri
nəzərə alaraq bu məsələyə aydınlıq gətirmişdir. İstər
İslamdan öncə, istərərsə də İslamdan sonra meydana gələn
siyasi cərəyanlar elmi-hüquqi inkişaf prosesini
keçməmələrinə baxmayaraq, İslam dininin qarşıya qoyduğu
sığorta sistemi kimi geniş və kamil soğorta sistemi təklif
edə bilməmişdir.
İslam ictimai soğortasından nümunələr.
I nümunə
İslamda - Peyğəmbər (s) və məsum imamların (ə)
sünnəsində (buyuruqlarına, həyat tərzlərinə və təsdiqedici
davranışlarına) ictimai soğorta qanunları diqiq şəkildə əks
olunmuşdur.
1- Əgər bir şəxs dünyadan köçüb özündən sonra var-dövlət irs
qoyarsa, bu irsin hamısı müəyyən şərtlərlə onun varisinə
çatır. Varis ona çatdığı irs üçün heç bir orqana vergi
ödəmir. Bir halda ki, həm cahiliyyət dövründə və həm də
müasir dünyamızda irsə vergi təyin edilmişdir.
2- Borclu olan bir şəxs dünyadan köçdükdə və ya ailəsində
yoxsul və aztəminatlı şəxslər olduqda, İslam dövləti onun
borcunu ödəyir və ailənin təminatını öz öhdəsinə alır. Bu
qanun da dünyanın heç bir yerində tətbiq edilmir.
3- Yuxarıda qeyd edilən hər iki hal ümumi budcədən
(beytul-mal), kimsəsizlərin tələbatını ödənilməsi üçün
ayrılmış pulla təyin edilir.
II nümunə
Əli ibn İbrahim Qumi öz təfsir əsərində Peyğəmbərin (s)
belə buyurduğunu qeyd edir:
“Borc sahibi borclunu (borcunu qaytara bilmədikdə) İslam
dövləti hakiminin yanına aparmalıdır”.
İmam Sadiq (ə) bu hədisi Peyğəmbərdən (s) nəql etdikdən
sonra əlavə edərək buyurur:
“Əksər yəhudilərin müsəlmanşılığı qəbul etməsinə səbəb İslam
peyğəmbərinin (s) bu hədisi idi”.
III nümunə
Şeyx Müfid “Məcalis” kitabında öz sənədi ilə İmam
Sadiqdən (ə) belə nəql edir:
“Əgər bir şəxs digərinə borc verərsə, borclu olan şəxs bu
borcu qaytara bilmirsə və onu haram yolda xərcləməyibsə,
borc sahibi borclu olan şəxsə onun imkan tapacağına qədər
möhlət verməlidir. Bu baş tutmadıqda adil imam onun borcunu
ödəməlidir”.
Bu, Peyğəmbərin (s) buyurduğu digər hədisə əsaslanınr:
“Borc sahibi borclunu (borcunu qaytara bilmədikdə) İslam
dövləti hakiminin yanına aparmalıdır”. Bu zaman İmam Sadiq
(ə) əlavə edərək buyurdu: “Peyğəmbərin (s) üzərində olan
öhdəliklər eynilə müsəlmanların imamına da aiddir”.
IV nümunə
Şeyx Hürr Amili “Vəsailüş- şiə” kitabında belə nəql
edir:
“Bir gün Əmirəlmöminin Əli (ə) Kufə küçələrində yol gedərkən
gözü bir dilənçiyə sataşdı. Həzrət (ə) gördüyü səhnədən çox
narahat olub ətrafda olan şəxslərə buyurdu: Bu nə
vəziyyətdir? (Bu sözü, İslam dövlətində yoxsul, dilənçi
şəxslərə kömək edilmədiyi üçün buyururdu). Ətrafdakılar: “O,
məsihidir. Artıq qocalmış, əmək qabiliyyətini itirmiş və
aztəminatlı olduğu üçün dilənçiliyə başlamışdır – deyə cavab
verdilər. Bunu eşidən İmam (ə) narahat olaraq buyurdu: “O,
cavan olduğu zaman onun əmək qabiliyyətindən istifadə
etdilər. Lakin qocalıb gücdən düşdüyü zaman onu himayəsiz
qoyurlar?” Sonra o həzrət beytül-maldan bir miqdar pul
ayıraraq onun ömrünün sonuna qədər izzətlə yaşaması üçün
imkan yaratdı”.
Bu hədisdə bir neçə məqam tam aydınlığı ilə özünü
göstərməkdədir:
1-İslam dövlətində yoxsul olmamalıdır. Əgər belə olmasaydı
Əmirəlmöminin (ə) bir dilənçi gördükdə təəccüblənməzdi.
2-Həzrət Əlinin (ə) həyat tərzindən məlum olduğu kimi İslam
dövləti ölkədə yoxsulluqla mübarizə aparmalı və onun aradan
qaldırılması istiqamətində müəyyən addımlar atmalıdır.
3- İslam təqaüd məsələsinin ən gözəl variantını təklif etmiş
və onu ictimai sığortanın bir hissəsi kimi
qiymətləndirmişdir. Lakin diqqət etmək lazımdır ki, bu
təqaüd ehtiyaclı şəxslərə verilir.
V nümunə
Şeyx Küleyni “Üsuli-kafi” kitabında öz sənədi ilə belə
nəql edir:
Cəməl döyüşündə Təlhə və Zübeyr məğlub olub geri qayıtdıqda
bir hamilə qadın onları görüb qorxusundan bətnindəki uşağı
saldı. Ana bətnindən düşmüş uşaq çabalayıb can tapşırdı. Çox
keçmədi ki, uşağın anası da dünyasını dəyişdi. Səhabələri
ilə birgə yoldan ötən Əmirəlmöminin (ə) cənazələri gördükdə
ayaq saxladı. O həzrət (ə) qadın və uşaq haqqında, burada nə
baş verdiyini ətrafdakılardan soruşdu. Orada olanlar bu
qadının Cəməl döyüşçülərini görüb qorxudan can tapşırmasını
bildirdilər. Həzrət (ə) soruşdu: Onların hansı dünyasını tez
dəyişdi? Ətrafdakılar əvvəl uşağın sonra isə ananın öldüyünü
bildirdilər. Həzrət Əli (ə) o qadının ərini çağırtdırıb ona
övladının qan bahasının üçdə ikisini verdi və üçdə birini
isə anası üçün nəzərdə tutdu. Sonra ananın payına düşən
hissəni iki yerə bölüb bir hissəsini ərinə, ikinci hissəni
isə onun varisinə verdi (Bu uşağın irsi idi. Hansı ki, o
həzrət onun varisləri arasında böldü). Sonra o həzrət
qadının qanbahasının yarısı olan 2500 dirhəm məbləğində pulu
onun ərinə irs kimi təqdim etdi. Qanbahasının ikinci yarısı
olan 2500 dirhəm məbləğində pulu qadının digər varislərinə
verdi. Həzrət irsi bu şəkildə bölməsinə səbəb qadının başqa
uşağı olmaması idi.
Hədisi nəql edən rəvayətçi bu hadisəni qeyd etdikdən sonra
deyir: İmam Əli (ə) bütün bu qanbahasını Bəsrə
beytül-malından ödədi.
Müsəlmanların beytül-malında olan pullar aztəminatlı
şəxslərin problemlərinin həlli və hüquqlarının ödənilməsi
yolunda sərf edilir. Bu, İslam dininin insan hüquqlarının
tapdalanmasının qarşısını alması ilə əlaqədardır.
İqtisad
İslamın iqtisadi sistemi, İslam qanunlarının azad
şəkildə qurulması, ictimai və fərdi ədalət, cəmiyyətdə
təbəqələşmə probleminin həlli, etiqadi prinsiplərə əsaslanan
iqtisadi əlaqələr və etik normalara müvafiq şəkildə
tənzimlənmişdir. İdeal iqtisadi konsepsiyanı dünyaya təklif
edən İslam, kapitalizmə hakim olan hər növ (haram yolla)
varlanmanı, sosializimin pozduğu fərdi azadlığı və
insanların iqtisadi hüquqlarının tapdanmasını məhkum edir.
İslam, fiziki və hüquqi şəxslərə hörmətlə yanaşır, halal və
qanuni yolla əldə edilən mülkiyyəti dini vergiləri ödəmək
şərti ilə qəbul edir. Buna görə də İslamın iqtisadi
konsepsiyasının etiqadi prinsiplərə və etik normalara
müvafiq şəkildə tənzimlənməsi üçün, hər kəs öz dini vergilər
proqramını özü qurmalı və həmin vergiləri İslam hakimi və ya
onun nümayəndələrinə çatdırmalıdır. İslamda nəzərdə tutulmuş
vergilərə qısa nəzər salaq:
Dörd İslam vergisi
1- Xüms: Müsəlman olan şəxs ailəsinin illik xərclərini
ödədikdən sonra yerdə qalan qazancının 20%-ni İslam hakiminə
verir. Bundan başqa insan mədən, sudan əldə edilən
cəvahirat, xəzinə, harama qarışmış halal mal, müharibə
qənimətləri və fiqh kitablarında qeyd edilən bəzi şeylərin
də 20% -ni “xüms” olaraq verməlidir.
2- Zəkat: 9 şeyin zəkatı vacib olur: 1) Buğda; 2) arpa; 3)
xurma; 4) kişmiş; 5) qızıl; 6) gümüş; 7) dəvə; 8) inək; 9)
qoyun.
Əgər buğda, arpa, kişmiş, təqribən 847 kq-a çatsa, qoyulmuş
sərmayə götürüldükdən sonra yerdə qalan məhsul, əgər çay və
yağış suyu ilə sulanıbdırsa, 10%-i, əl ilə suvarıldıqda,
5%-i, yox əgər hər ikisindən istifadə edilibsə, 7,5%-i zəkat
olaraq ödənilməlidir. Qızıl sikkənin çəkisi 15 misqal, gümüş
105 misqal olduqda 2,5%-i zəkat verməlidir. Dəvə, inək,
qoyun, müəyyən edilmiş həddə çatdıqda onların zəkatını
vermək vacib olur.
3- Xərac: Müsəlmanların döyüş zamanı kafirlərdən aldıqları
torpaqlarda təsərrüfat məhsullarının ya özu, ya da qiyməti
məbləğində, - əkinçilərlə razılaşma yolu ilə - vergi alınır.
4- Cizyə: İslam ölkəsində əmniyyəti dövlət tərəfindən təmin
olunan dini azlıqların xüms və zəkat əvəzinə ödədikləri
vergi.
Qeyd etmək lazımdır ki, İslam dövlətinin bu dörd vergidən
başqa heç bir vergi tətbiq etmək hüququ yoxdur.
İslamda beytül-mal
İslam dinində aztəminatlı ailələri himayə etmək məqsədi
ilə, “Beytül-mal” adlanan bir büdcə təsis edilmişdir.
Cəmiyyətdə yaşayan əmək qabiliyyətini itirmiş, xəstə, əlil,
başsız, yetim və s. şəxslər bu budcədən təmin edilir. Bundan
başqa, “Beytül-mal”, ölkədə abadlıq işlərinin aparılması və
cəmiyyətin inkişafına səbəb olacaq hər hansı bir şəraitin
yaradılması istiqamətində sərf edilir. Bu yolla təsərrüfat
və sənayinin inkişafı üçün fabrik və zavodlar tikilir,
vətandaşların mədəni səviyyəsinin yüksəlməsi, İslam
maarifinin geniş təbliği, ölkədaxili səhiyyədə ciddi
addımların atılması və səhiyyə avadanlıqlarının
hazırlanması, iqtisadi problemlərin həlli, nikah, ticarət
etmək üçün sərmayə, iş yerləinin yaradılması, mənzil,
dərman, səfər etmə imkanlarının yaradılması, yolda qalmış
qərib şəxsləri vətəninə çatdırmaq, təhsil almağa kömək və
yüzlərlə digər məsələlər “Beytül-mal”ın öhdəsinə düşür və
aztəminatlı fərd, yaxud ailələr birbaşa bu orqanda fəaliyyət
göstərən məsul işçilərə müraciət edərək öz problemlərini
həll edirlər. “Beytül-mal” və digər İslam dövləti budcəsi
yuxarıda qeyd etdiyimiz vergilər vasitəsi ilə təmin edilir.
Irad edilə bilər ki, yuxarıda qeyd edilən vergilər İslam
dövlətinin bütün bu adı çəkilənlərin icrası üçün kifayət
deyil. Buna cavab olaraq İmam Sadiqin (ə) bir hədisini
xatırlatmaq yerinə düşərdi: “Əgər İslam vergilərinin bu
miqdarı kifayət qədər olmasaydı Allah bundan artığını təyin
edərdi”. Digər tərəfdən, İslam dövlətində lazımınca işçi
qüvvəsi işə götürülür, heç bir faydası olmayan idarələr
bağlanır və dövlətin əksər işlərin xalq azad şəkildə özəl
sərmayə qoyuluşu yolu ilə həyata keçirir. Nəticədə İslam
dövlətinin xərcləri azalır, dövlətin ümumi gəliri çoxalaraq
İslam qanunlarına müvafiq şəkildə fəaliyyət göstərən özəl və
dövlət bankları da idarə edilir, iqtisadi mexanizm işə
düşür. İslam dövlətində, banklarda heç bir şəkildə sələm
olmur, lakin əvəzsiz olaraq kredit verilir. Bankların
büdcəsi yalnız qanuni gəlirlərlə, məsələn, bankların
ticarətçi, əkinçi və sənətkarlarla formal deyil həqiqi
“müzaribəsi”, qəbzlərin alışı və ödənişi, “rəhn”, mövcud
sərmayə ilə ticarət, sənəd və müddətli çeklərin alqısı və s.
təmin edilir və işçi heyətinin məvacibi ödənilir. Bəzən
qarşıya çıxan problemlər “Beytül-mal” vasitəsi ilə həll
edilir.
Ordu və hərbi qanunlar
İslam dinində ordu və hərbi qanunlara böyük yer
verilmişdir. İslam dinində əsgəri xidmət icbari deyil.
Əksinə, bu, fərdin öz ixtiyarına qoyulur. Lakin bəzi
hallarda fəqih və müctehidlərin fətvası ilə müstəsna hal ala
bilər. Buna görə də, İslam dövlətinin müvafiq orqanları
şəhər ətrafında hərbi hissələr təsis edərək müxtəlif müasir
silahlarla təchiz etməli və istirahət günlərində - məsələn
bazar günü - heç bir güc tətbiq edilmədən xalqı hərbi təlim
görməyə dəvət etməli, döyüş sirlərini asan yolla
öyrətməlidir. Belə olduqda orduya sərf olunan ağır büdcə
dövlətin öhdəsindən götürülür və digər tərəfdən camaat
səmimi ailə mühitindən ayrılmır, qazanc, təhsil və s.
ictimai fəaliyyətlərə şərait yaranır.
İslam düşmən hücumlarından müdafiə olunmaq üçün döyüş
təchizatlarının hazırlanmasını zəruri hesab edir.
Qurani-kərim bu haqda buyurur: “(Ey mö’minlər) Allahın
düşmənini və öz düşməninizi, onlardan başqa sizin
bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri)
qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və
(cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah
yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər
və sizə heç bir haqsızlıq edilməz!” (Ənfal, 60).
Əlbəttə, İslam sülh və qardaşlıq dinidir, buna görə də
yersiz qan tökülməsinə qarşı çıxır. Qurani-kərim bu haqda
buyurur: “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə
(İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin
aşkar düşməninizdir!” (Bəqərə, 208).
İslam heç bir halda təcavüzkarlığı dəstəkləmir. İstər ölkə
daxilində, istərsə də ölkə xaricində sülhü himayə edir.
Onunla dostluq, sülh müqavilələri imzalamaq istəyən dövləti
səmimi qəbul edir. Belə ki, Qurani-kərimdə buyurulur: “Əgər
onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və
Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini)
eşidəndir, (niyyətlərinizi) biləndir!” (Ənfal, 61).
İctimai pozğunluqlar.
İslam, ictimai asayişin qorunması və insanların xoşbəxt
gələcəyi haqqında əsaslı tədbir görmüşdür. Cəmiyyətin fəsad
və cinayətlərdən uzaqlaşması və bu problemlərin yaranmasına
səbəb olan yoxsulluq, aclıq, savadsızlıq, mədəniyyətsizlik,
cinsi pozğunluqlar və s. kimi faktlara qarşı mübarizəyə
qalxır və ölkədə iş yerlərinin açılışı və işsiz kütlənin işə
cəlb edib səadətə qovuşmasına şərait yaradır. Dinimiz ölkədə
spirtli içkilərin alqı-satqısını qadağan etmək, idman,
əyləncə və sağlamlıq kompleksləri təsis etmək, cavanların
narkotik maddələrə qurşanmasının və tüfeyliliyin qarşısını
almaq kimi addımlar atır. Bundan başqa, cavanların – oğlan
və qızların - normal tərbiyə ilə böyüməsi, xüsusilə
qadınların iffətli olub, hicaba riayət etmələri, cəmiyyətə
müsbət təsir göstərmək üçun dini-əxlaqi kursların təşkil
olunması gənclərin xoşbəxt həyat sürüb səadətə qovuşmalarına
təkan verir. Bu, şəraitin yaradılması bir çox ruhi
iztirabların qarşısını almaqla yanaşı etik normaların
süqutunun qarşısını alır, kin, bədbinlik, düşmənçilik və
intiqam hissnin kökünü kəsir, əvəzində isə “əfv”
(bağışlamaq) adlı bir dəyər hədiyyə edir. Dinimiz, iqtisadi
və ictimai problemləri “Beytül-mal” vasitəsi ilə həll edir.
Əlbəttə, tarix dediklərimizin canlı şahididir. Dünyanın
yarısını əhatə edən İslam dövlətinin dörd əsr davam etməsinə
baxmayaraq altı nəfərdən cox adam oğurluq ittihamı ilə
cəzalandırılmadı
İslam qanunlarının daha bir üstün cəhəti isə cəzanın tez və
qısa bir zamanda icra edilməsidir. Buna görə də İslam
dövlətində insanı əmək fəaliyyətdən uzaqlaşdıran qanunlara
heç bir şəkildə yer verilmir. Müasir dövrdə cinayət hesab
edilən bir çox əməllərə İslam dininə görə heç bir cəza
tətbiq edilmir. Deməli, bu gün İslam dünyasında mövcud olan
çoxsaylı islah əmək müəssisələrinə ehtiyac duyulmur. Bu
proses yalnız fiqhdə nəzərdə tutulan cəzaların icra edilməsi
və tez bir zamanda sona yetməsi ilə yekunlaşır. Əlbəttə,
İslam dinində – borcunu ödəyə bilməyən şəxsin borc sahibinə
verdiyi sözə əməl etməməsi və s. - bəzi cinayətlər vardır
ki, onlar üçün həbs qəti imkan tədbiri nəzərdə tutulmuşdur.
Qəzavət (hüquqi mühakimə) və ədalətsevərlik
Ən kamil məhəkəmə sistemi müsəlmanların ixtiyarındadır.
Belə ki, heç bir cinayət işi açılmadan cinayətçi hakimə
muraciət edir və tez bir zamanda hökm çıxarılır. Buna görə
də hakim, kişi, adalətli, hüquqşünas olmalı, yersiz xərclərə
yol vermədən irəli sürülmüş iddialar üzərində tədqiqat
aparmalı və ədalətlə hökm çıxarmalıdır. İslam hakimiyyəti
dönəmində, ən böyük şəhərlərin məhkəmə sistemini yalnız bir
hakim idarə edir və bu gün dünya məhkəmə sisteminin
qarşılaşdığı heç bir problemlə üzləşmirdi.
Azadlıq
İslam dini insanlara azadlığın ən gözəl variantını bəxş
etmişdir. Belə ki, bu gün zahirdə sivilizasiya və
demokratiyadan dəm vuran ölkələr onu təsəvvürünə belə gətirə
bilməmişdir. Xalqı köləlik və xurafatdan uzaqlaşdıran İslam
dini onlara əqidə, təfəkkür və söz azadlığı bəxş etdi. Lakin
unutmaq lazım deyil ki, bu əqidə və fikirlər cəmiyyətə mənfi
təsir göstərəcək şəkildə olmamalıdır.
İslam dininin himayə etdiyi azadlıqlara qısaca nəzər salaq:
Ticarət sərbəstliyi
Hər bir şəxs istədiyi ticarət işini sərbəst şəkildə
seçıb və onu həyata keçirə bilər, yaxud hec bir gömruk
məhdudiyyəti olmadan lazımi malların idxal və ixracı ilə
məşğul ola bilər. İslam yalnız şəri baxımdan haram malların
alqı-satqısını, idxal və ixracını qadağan etmişdir. Haram
olan alverlər sırasına spirtli içkilərin alqı-satqısı, qumar
alətlərinin istehsal və satışı və s. daxildir.
Bundan başqa, İslam dini sələmçiliyi və qara bazar yaratmağı
də qadağan etmişdir. Çünki sələmçilik, qarşı tərəfin
qazancını əlindən alır, onu müflisləşdirir, qara bazar
yaratmaq isə cəmiyyətə lazım olan malların anbarlarda
qalmasına və qıtlığın, bahalığın yaranmasına gətirib
çıxarır.
Təsərrüfat sərbəstliyi
Hər bir şəxs yaşadıığı ölkədə, təsərrüfat işləri üçün
su, hava və torpaqdan lazımi qədər istifadə edə bilər.
“Hər kəs yararsız torpağı abadlaşdırsa, onun sahibi olur”.
Əlbəttə, torpağı abadlaşdırmaq məsələsi digərlərinin
hüquqlarının tapdanmasına və ya orada tütün və s. narkotik
bitkilər əkilməsi şəklində olmamalıdır. Buna görə də İslam
dinində bu gün Şərqdə və Qərbdə müzakirə edilən “torpaq
islahatı” adlı heç bir proqram yoxdur.
Abadlaşdırma sərbəstliyi
İslam dinində hər hansı bir şəxs digərlərinin
hüquqlarını tapdamadan istədiyi şəkildə torpağı abadlaşdırıb
orada ev, mağaza, zavod, məscid, hüseyniyyə, məktəb,
xəstəxana və s. tikə bilər. Bundan başqa, İslam dövlətində
istifadə edilən yer və tikilən binalar üçün heç bir vergi
ödənilmir
Əmək və istehsal sərbəstliyi
Hər bir şəxs, haram malları çıxmaq şərti ilə, heç bir
vergi ödəmədən istədiyi sənaye mallarını istehsal edə bilər.
Bundan başqa, hər bir müsəlman ovçuluq, balıqçılıq, mədən
qazıntısı və digər halal işlərlə məşğul olmaqda azaddır və
İslam dövlətinin heç bir şəkildə bunun qarşısını almaq
hüququ yoxdur.
Məskunlaşma və səfər səbrbəstliyi.
Hər hansı bir ölkəyə gediş-gəliş, vətən, məskən seçimi
vətandaşların şəxsi istəyindən asılıdır. Dil, irq məsələsinə
əhəmiyyət verməyən İslam, pasport, viza və digər şəxsiyyət
vərəqələrinin mövcudluğunu yersiz hesab edir. Hal-hazırda
Avropa ölkələrində də bu problemin aradan qaldırılması üçün
bəzi addımlar atılmışdır.
Ictimai-siyasi sərbəstlik.
Din hökmləri çərçivəsində hər növ siyasi-ictimai
fəaliyyət azad hesab edilir. Yalnız hər hansı bir zümrəyə
məxsus olmayan bu sərbəstlikdən hər bir vətəndaş yararlana
bilər və heç bir orqan bu növ fəaliyyətlərə mane olmaq
hüququna malik deyil. Buna görə də İslam ölkəsində heç bir
kəşfiyyat, təhlükəsizlik idarələrinə ehtiyac duyulmur.
Əlbəttə, İslam düşmənlərinin hücumlarından amanda qalmaq
üçün ölkə xaricində kəşfiyyat orqanlarının olması zəruridir.
Belə ki, İslam dini ictimai-siyasi fəaliyyətin
sərbəstliyinə, söz, fikir, qələm azadlığına, siyasi
partiyaların yaranmasına, ianələrin toplanmasına, qəzet,
jurnal, radio, televiziya və s. kimi informasiya
vasitələrinin iş prosesinə imkan yaradır. Bundan başqa,
ölülərin basdırılmasında, bir şəhərdən digər şəhərə köçməkdə
sərbəst olmaqla yanaşı və dövlət tərəfindən hansısa sənədin
təqdim edilməsinə heç bir ehtiyac yoxdur. Belə olduğu halda
xalq, dövlət bu tipli idarələrin sənədləşdirmələrindən
amanda qalacaq və onlara xərclənən yersiz xərclər ölkənin
mədəniyyət və rifahinin yaxşılaşmasına böyük təkan
verəcəkdir.
Mədəniyyət
İslam dövlətinin vəzifələrindən biri də ölkədə
mədəniyyətin inkişaf etdirilməsidir. İslam hər bir müsəlman
fərdin elm öyrənməyini vacib hesab etmiş və İslam dövlətini
insanların maariflənməsi üçün lazimi şəraitin yaranmasına
sövq etmişdir. Sual oluna bilər ki, İslamın savadsızlığa
qarşı apardığı mübarizə və elm öyrənməyə, maarifləşməyə
verdiyi hədsiz əhəmiyyətə baxmayaraq, nə üçün müsəlmanlar bu
məsələdə geri qalmış və inkişaf etməmişlər? Tarixə nəzər
saldıqda, müsəlmanların geridə qalmasınının səbəbinin əsl
İslam qanunlarına əməl etməmələri olduğunun şahidi oluruq.
Belə ki, onlar maddi ləzzətlərə qərq olaraq elm baxımından
tənəzzülə uğramış və öz mədəniyyətlərini unutmağa
başlamışlar. Lakin qeyd etdiyimiz bu tənəzzüldən öncəki
dövrlərdə tarixçilərin və qərb tədqiqatçılarının etirafına
görə İslam mədəniyyəti hər yerə hakim kəsilmişdi. O zamankı
şəraitlə hazırki inkişafı müqayisə etsək görərik ki, o zaman
İslam dövlətlərində təsis edilən məktəblər, kitabxanalar,
böyük elmi nailiyyətlər əldə edən elm xadimləri indikilərə
nisbətdə qat-qat üstün olmuşlar. Əgər müsəlmanlar yenə də
əsl İslam mədəniyyətinə diqqət yetirsələr, keçmiş
əzəmətlərini yenidən əldə edə bilərlər. Bəli, bu gün də
universitet və məktəblərin təsis edilməsi, kütləvi
informasiya vasitələrinin geniş fəaliyyəti, kino, teatr və
eləcə də müasir rabitə vasitələri, o cümlədən internet və s.
kimi yeniliklərdən geniş istifadə ümumi kütlənin mədəni
səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.
Səhiyyə
Sağlamlıq, səhiyyə və ətraf mühitin qorunması İslam
dininin ciddi şəkildə diqqət yetirdiyi məsələlərdəndır.
İslam öz səhiyyə sistemini üç yolla reallaşdırmışdır:
1. Spirtli içkilər, zina, ləvat, musiqi və qumar alətlərinin
qarşısının alınması yolu ilə. Belə ki, sözügedən vasitələr
həm insanların müxtəlif xəstəliklərə yoluxmasına, həm də
bütövlükdə cəmiyyətin sağlamlığına ciddi zərbə vurur. İslam,
yuxarıda qeyd olunanların hamısını haram etmış və cəmiyyətin
tibbi sağlamlığı üçün müsbət təkliflər irəli sürmüşdür. Buna
misal olaraq fərdi və ictimai təmizlik, hamama getmək,
həcamət etdirmək, yağla masaj etdirmək, sürmə çəkmək,
dişləri fırçalamaq, bədənin artıq tüklərinin
(vaxtlı-vaxtında) təmizləmək, ailə qurmaq, oruc tutmaq, bir
sıra tibbi göstərişlər, yemək-içmək qaydaları və s.
göstərmək olar.
2. Insanların yoluxduğu xəstəliklərdən yaxa qurtarmaq üçün
dərmanların asanlıqla əldə edilməsi. Belə ki, “Tibbun-Nəbi”,
“Tibbus-Sadiq”, “Tibbur-Rza” və “Tibbul-əimmə” kitablarında
əksər xəstəliklərin müalicə üsulları qeyd edilmişdir. Bundan
başqa, İslam tibbin düzgün şəkildə inkişafını praktiki
olaraq dəstəkləyir.
3. Din və qanuna görə, həkim xəstələrə verdiyi dərmanlara
zamindir. Yəni həkimin hər hansı bir səhvi onun məsuliyyətə
cəlb edilməsinə gətirib çıxarır.
Həkim ona görə “təbib” adlandırır ki, xəstənin xəstəliyini
kiçik və xətərsiz olduğunu təlqin etməklə onun rühiyyəsini
yüksəltsin. Buna görə də həkimlər xoşəxlaq və şirindil
olmalıdırlar.
İslam, cəmiyyətdə ümumi səhiyyənin təmin olunmasına bu
şəkildə çalışmışdır. Lakin, təəssüflər olsun ki, günümüzdə
tibb texnologiyasının sürətlə inkişaf etməsinə baxmayaraq
cəmiyyətin ümumi səhiyyəsinin təmin edilməsində acizdir.
Belə ki, hər gün ailələrdə müxtəlif xəstəliklərə yoluxmuş
şəxsləri müşahidə edirik. Əgər klassik İslam tibbi ilə bü
gün inkişaf etmiş səhiyyəni cəmiyyətdə tətbiq etsək, demək
olar ki, bütün xəstəliklərin qarşısı tez bir zamanda alınar.
Ailə
İslam kişi və qadınların təbii tələbatları olan izdivac
məsələsini diqqət mərkəzində saxlayaraq buyurur: “İslam
dinində izdivac qədər sevimli bir şey yoxdur”. O, bu ictimai
aktın həyata keçməsi üçün bir çox tədbirlər görmüş, hətta
ailə qurmağın dinin yarısının qorunmasında böyük rol
oynadığını bildirmişdir: “Ailə qurmaq dinin yarısıdır”.
İnsanlar cinsi tələbatlarının baş qaldırdığı ilkin çağlardan
başlayaraq evlənmə hüququna malikdirlər. Belə ki, qızlar
doqquz yaşları, oğlanlar isə on beş yaşları tamam olduqda
ailə qura bilərlər. Əlbəttə, İslam hər iki tərəfin
bir-birinə tay olması məsələsini də nəzərdən qaçırmamışdır.
Ailə qurmaqla hər bir müsəlman kişi və qadın cinsi
tələbatını təmin edir və pozğunluq fırtınasaından amanda
qalır. İslam, qadın və kişilərin bir-birlərinə qarışmamaları
üçün hicab məsələsini təklif etmişdir. Təbii ki, bu vasitə
ilə ictimai pozğunluqlar azalacaq, ailə möhkəmlənəcək və
ər-arvad arasında səmimiyyət, məhəbbət yaranacaqdır. Hər iki
tərəf, istər ailə daxilində, istərsə də ailə xaricində
etiqadi və etik normalara müvafiq şəkildə davranmalıdırlar.
Belə ki, qadın ailənin daxili işləri ilə, kişi isə evdən
xaricdə, gündəlik iqtisadi tələbatla məşğul olur. Ailəyə
hakim kəsilən belə bir sağlam mühit gələcək nəslin sağlam
tərbiyə olunmasına kömək edir. Əlbəttə, İslam dini qadının
iffət və müqəddəs analıq maqamına zərbə endirməyən heç bir
əmək fəaliyyəti ilə müxalif deyil. Bundan başqa, İslam
qadınların elm öyrənmələrini də zəruri hesab edir.
Xatıtlatmaq lazımdır ki, Qərb sosioloq və psixoloqları
ailənin sağlam şəkildə idarə edilməsi, məhəbbətin,
səmimiyətin qorunması və övladların sağlam tərbiyə
edilməsinin ən yaxşı yolunu İslamın təklif etdiyi
prinsiplərdə görmüşlər.
İslam və beynəlxalq aləmin idarəsi.
Öncə qeyd etdiyimiz kimi, İslam dininin qarşıya qoyduğu,
həyatın bütün sahələrini əhatə edən konsepsiyalar cəmiyətin
idarəsi üçün ən doğru variantdır. Böyük keyfiyyətlərə malik
olan İslam dini, bügünkü dövlət tipləri ilə müqayisə
olunmayacaq dərəcədə kamildir. İslamın qarşıya qoyduğu
konsepsiyalar Allaha etiqadla yanaşı, cəmiyyətdə bütün
sahələrdə ekvivalentliyi qorumuş və insanların mövcud
şəraitdən eyni dərəcədə istifadə etməyə şərait yaratmışdır.
Belə bir əhatəli konsepsiyanı dünyaya təqdim etmək üçün
insan zəkası çox acizdir.
İslamın qarşıya qoyduğu konsepsiyada mənəviyyat və insanlıq
şuası bütün sahələri əhatə edir və bununla da planetimizin
əsaslı problemlərindən olan ruhi iztirablar, narahatlıqlar
öz həllini tapır. İslam cəmiyyətində özünə inam, məhəbbət,
dostluq sayəsində insan həyatının bütün mənəvi və maddi
yönləri öz əksini tapır. Tamamilə azad bir şəraitdə abadlıq
işləri aparılaraq, sənaye, təsərrüfat, texnologiya, ticarət
və iqtisadiyyat inkişaf edir. Əgər müsəlmanlar qəflət
yuxusundan ayılıb gələcəkləri haqqında az da olsa
düşünsələr, arzu etdikləri sağlam, ideal cəmiyyətə
qovuşacaqlar. Bunun üçün sadəcə Qurani-kərimin, İslam
peyğəmbərinin (s) və məsum imamların (ə) dövləti idarə etmə
metodları həyata keçməlidir. Müsəlman ümmətinin hər bir
üzvünün, ümumdünya, qlobal İslam dövlətinin yaranması üçün
çalışması vacibdir. |